Naxçıvan şəhərindəki “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların rəngli dünyası” festivalı – 2025 təşkil olunub.
Festivalın rəsmi hissəsində Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev və digər rəsmi şəxslər iştirak ediblər. Onlar festivalın ən dinamik və maraqlı guşələrindən biri olan “idman zonası” ilə tanış olublar.
Burada futbol, voleybol, cüdo, kikboks, karate və bədii gimnastika üzrə nümunəvi çıxışlar nümayiş etdirilib. Eyni zamanda şahmat, stolüstü tennis, qol güləşi və müxtəlif əyləncəli uşaq oyunları da qonaqların böyük marağına səbəb olub.
Festival çərçivəsində Gənclər və İdman Nazirliyinin könüllüləri də aktiv fəaliyyət göstərib, təşkilati işlərə dəstək veriblər.
Tədbir Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Gənclər və İdman, Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşıb.